Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb.
Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında 4-cü dəfə keçirilən yarışın qaliblərinin beynəlxalq turnirlərdə də iştirak etdiyini vurğulayıb. O bildirib ki, son qalib Ədliyyə Nazirliyinin komandasının Dünya Korporativ Oyunlarında qızıl medal qazanmasının yerli turnirin səviyyəsindən xəbər verir. Nazir dövlətin 45 qurumunun qatıldığı mübarizənin bütün iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov bu il minifutbol üzrə Azərbaycan millli komandasının dünya çempionu olmasında dövlət qurumlarının böyük payının olduğunu diqqətə çatdırıb.
Daha sonra videoçarx nümayiş olunub, ardınca taekvondo, akrobatika gimnastikası və futbol fəndləri üzrə nümunəvi çıxışlar təqdim olunub.
Turnir açıq elan edildikdən sonra ilk turun oyunu keçirilib. Müdafiə Nazirliyi ilə Ədliyyə Nazirliyi qarşılaşıblar. Oyun Ədliyyə Nazirliyinin qələbəsi ilə başa çatıb - 3:1.