Sabah
Topaz Premyer Liqasında sonuncu turun qarşılaşmaları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, böyük ölçüdə heç bir məna kəsb etməyən bu 5
qarşılaşmadan bəziləri bir neçə komandanın turnir cədvəlindəki son durumuna
aydınlıq gətirəcək.
"Xəzər Lənkəran” – "Qarabağ”
Qarşılaşma
Lənkəranda deyil, Bakıda baş tutacaq. Məğlub olacağı təqdirdə ən pis halda 1
pillə geriləyərək, çempionatı 7-ci mövqedə bitirəcəkləri məyyənləşən cənublular
ev oyununu səfərdə keçirməyə razılaşıblar. Çempionluğu bayram edən "Qarabağ” əsas
oyunuçularına istirahət verəcəyi də indidən məlumdur. Böyük ehtimalla, bu 90 dəqiqədə
tərəflər ya "sülhsevərlik” nümayiş etdirəcəklər, ya da nominal meydan sahibləri
minimal hesablı qələbə qazanacaqlar.
AZAL – "İnter”
AZAL
növbəti mövsümün planlarını cızdığı halda, "bankirlər” gümüş medalların dadını çıxarmaqdadırlar.
Yuxarıda qeyd etdiyimiz görüşlə bu qarşılaşmanın bənzərliyi ondan ibarətdir ki,
burda da ev-səfər komandalarının yerləri dəyişdirilib. Qarşılıq? Yəqin ki,
bunun qarşılığında "İnter” AZAL-a qarşı gənc heyətini buraxıb, rəqibə minimum 1
xal qazanmağa imkan yaradacaq. Yoxsa, "təyyarəçilər”in nəyinə lazım idi isti
ocaqlarını tərk edib, "Şəfa”da oynamağa razılıq versinlər?
"Simurq” – "Neftçi”
Şayiələrə
inansaq, "Neftçi” Zaqataladan əliboş dönəcək. "Qəbələ”yə bürünc medalları güzəştə
getməklə, ölkə Kubokunu barter etmək barədə söhbətlər səngimək bilmir. Həqiqətdə
necə olacaq? "Simurq” üçün oyunun heç bir əhəmiyyəti yoxdu. Ancaq son turda
"Neftçi” kimi adlı-sanlı rəqib üzərində qələbə qazanmaq Zaqatala təmsilçisi
üçün göydəndüşmə olar.
"Rəvan” – "Bakı”
"Rəvan”ın
baş məşqçisi Güvənc Kurtar bir müddət öncə saytımıza verdiyi müsahibədə cari
mövsümün yekunlarına görə heç bir klubun elitanı tərk etməyəcəyinə əmin
olduğunu bildirmişdi. "Od olmayan yerdən tüstü çıxmaz”. Böyük ehtimalla AFFA-da
bununla bağlı şıfahi qərar qəbul edilib. Sadəcə, rəsmən hələ ki, bu, öz əksini
tapmayıb. Belə olan halda hər iki tərəf üçün oyunun əhəmiyyəti itir. Lakin sonuncu
pilləni tərk etmək şansını saxlamaq üçün "Rəvan”a bu qarşılaşmada mütləq qalib
gəlmək lazımdı. Alınacaqmı? İfaçılara nəzər saldıqda, əlbəttə ki, paytaxtın
eyniadlı klubu daha şanslı görünür. Ancaq ölkə Kuboku da göstərdi ki, "Bakı”
qeyri-sabit komandadır və "Rəvan” bu oyundan qalib ayrıla bilər.
"Qəbələ” – "Sumqayıt”
Bəlkə də
yeganə oyundur ki, hər iki komandaya xallar lazımdır. Meydan sahibləri tarixlərində
ilk dəfə bürünc medallara yiyələnmək şanslarını saxlamaq üçün qalib gəlməlidirlər.
Aqil Məmmədovun yetirmələri isə elitadakı mövqelərini rəsmi şəkildə qorumaq
üçün ən azından 1 xal qazanmalıdırlar. Hər halda "stavkasevərlər”i bu oyuna
ehtiyatlı yanaşmağa çağırardıq. Niyə? "Sumqayıt” – "Qarabağ” "oyunu”nu
xatırlayın. "Qəbələ” artıq avrokuboklara vəsiqəni təmin edib. Azərbaycan
futbolunda isə totalizator rəsmiləşəndən bəri, nədənsə, sesnsasiyaların sayı
artıb.
Ceyhun ƏLİYEV