
"Federasiyamız fəaliyyətini davam etdirir".
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Velosiped Federasiyasının (AVF) baş katibi Elnarə Musayeva Mədət Quliyevin qurumun prezidenti vəzifəsindən istefası barədə danışarkən deyib.
O, Quliyevin Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışdığına görə iş rejimini uyğunlaşdıra bilmədiyi üçün bu addımı atdığını bildirib: "Öz qərarıdır, gözləyirik. Federasiyanın həyatı dayanmayıb, fəaliyyətini davam etdirir.
Təqvim planına uyğun bütün yarışlar keçirilir. Hər şey öz qaydasında gedir. 26 - 27 apreldə Respublika Velotrekində Azərbaycan Kubokunun mərhələləri keçiriləcək. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq".
Musayeva AVF-də prezident seçkilərinin tarixinin bilinmədiyini söyləyib: "Yeni seçkilərlə bağlı hələlik məlumat yoxdur. Kim gələcək, nə vaxt gələcək, bilinmir. Yəqin ki, federasiya belə qalmaz".
Baş katib "Əziz Şuşa" beynəlxalq velosiped turunun 2022-2023-cü illərdə keçirildiyini, 2024-cü ildə baş tutmadığını xatırladıb. Yarış bu il də təşkil olunmayacaq.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabrından AVF prezidenti idi.