Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, mərasimdə gənclər və idman nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov çıxış edərək ölkədə idmana göstərilən dövlət qayğısından danışıb. Ötən il müxəlif idman növləri üzrə azərbaycanlı idmançıların qazandıqları nailiyyətləri diqqətə çatdıran İ.İsmayılov ağırlıqqaldırma üzrə ölkə çempionatında iştirak edən idmançılara uğurlar arzulayıb. Azərbaycan Respublikası Dövlət Himinin səslənməsi ilə yarış açıq elan edilib.
Gənclər və İdman Nazirliyi və AAAF-ın birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dək atlet qüvvəsini sınayır.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.