
"Qarabağ"ın Avropa Liqasında yer aldığı F qrupunda qeyri-adi vəziyyət yaranıb. Sportnet.az-ın məlumatına görə, 2 turdan sonra 4 komandadan 3-ü aktivinə qol yazdıra bilməyib.
Bu, təkcə Azərbaycan çempionlarına aid deyil. Hətta Fransanın "Sent Etyen" və Ukraynanın "Dnepr" klubları da toru silkələyə bilməyib. Yalnız "İnter" 2 oyuna 3 qol vurub. İtaliya təmsilçisi "Dnepr"i 1 dəfə, "Qarabağ"ı isə 2 dəfə məyus edib.
Düzdür, Ukrayna komandasının II turda "Sent Etyen"lə səfər qarşılaşmasında penaltidən fərqlənmək imkanı olub. Amma 28-ci dəqiqədə Nikola Kaliniçin zərbəsi rəqib qapıçı Stefan Ruffye qaytarıb.
F qrupu həm də qol sayının azlığı ilə seçilir. Digər 11 qrupdan fərqli olaraq, burada cəmi 3 qol qeydə alınıb.
Qeyd edək ki, növbəti 2 turda hər qrupda cütlüklər bir-biri ilə evdə və səfərdə üz-üzə gələcəklər. Oyunlar oktyabrın 23-də və noyabrın 6-da baş tutacaq.