Bakının "İnter" klubunun bolqarıstanlı prezidenti Georgi Nikolovun Sportnet.az-a müsahibəsi
- Berti Foqtsun gedişini necə qarşıladınız...
- Bu gediş gözlənilən idi. Xorvatiyaya üzücü məğlubiyyətdən sonra onun gedəcəyi ilə bağlı hər yerdə, mətbuatda söz-söhbət gəzirdi ki, Foqts özü gedəcək. O, açıq şəkildə Azərbaycanda işləyə bilməyəcəyini demişdi. Bundan sonra gedəcəyini gözləyirdim. Normal qarşılayıram. Əvəzolunmaz insan yoxdur. Biri getdi, digəri gələcək. Həyat davam edir.
- Buna qədər o klubları günahlandırırdı...
- Bu fikirlə qəti şəkildə razı deyiləm. Bu, üzücü ittihamdır. Futbolçuların fiziki gücünün çatışmazlığında klubları günahlandırmağı ilə razı deyiləm. Futbolçular bizim silahımız, məhsulumuzdur. Onları pis vəziyyətdə saxlamaq bizim marağımızda deyil. Əksinə, biz müstəqil klubuq və çox istərdik ki, onlar əla fiziki və texniki hazırlıq səviyyəsində olsunlar. Yəni, bu ittihamı əsassız sayıram.
- Sizcə, o, Azərbaycan futbolu üçün nəsə edib?
- Bu sualı gözləyirdim deyə, hazır idim. Bu məsələyə sırf neqativ tərəfdən baxmaq lazım deyil. Foqts Azərbaycan futboluna az vaxt sərf etməyib. O, spesifik alman intizamı, taktiki hazırlıq və idman intizamı gətirib. Etiraf etmək lazımdır ki, Azərbaycan futbolunu pis piar etmədi. Müxtəlif ölkələrdə, o cümlədən, Almaniyanın yığma komandasında işləyib. Foqts Azərbaycan futbolunu yalnız yaxşı tərəfdən təmsil edirdi. Sadəcə, idman nəticələri az gözə göründü.
- Deyilənə görə Kaxaber Tsxadadze millinin yeni baş məşqçisi olacaq...
- (Gülür) Mən düşünmürəm ki, Kaxaber Tsxadadze Azərbaycan millisinində çalışmağa razı olsun. Hər halda özündən soruşmaq lazımdır. Kaxaberin hələ "İnter"lə iki illik müqaviləsi var. Onunla həll edəcəyimiz hələ çox məsələ var.
- Bəs Tsxadadzenin məhz "İnter"dən milliyə getməsi klubunuz üçün şərəf deyil?
- Əlbəttə, şərəfdir. Amma onun eyni vaxtda həm "İnter", həm də Azərbaycan millisinin baş məşqçisi olma məsələsi çox çətindir.
- Təbii ki, eyni anda ola bilməz. Onda gərək "İnter"dən getsin...
- Açığı, mən bu qərarın əleyhinə olardım.
- Elə isə, Sizcə, Azərbaycan millisini kim idarə etməlidir?
- Çox yaxşı sualdır. Millinin baş məşqçisini müəyyənləşdirmək "İnter"in prezidenti üçün prioritet deyil. Mənə elə gəlir ki, həmin şəxs keçmiş postsovet ölkələrindən olacaq. Hansı ki, Qafqaz futbolunu, bu tərəflərin mentalitetini, qafqazlılarla qarşılıqlı münasibətləri bilir. İndi mənim ağlıma ancaq "Rubin"in keçmiş baş məşqçisi Kurban Berdıyev gəlir. Variantlar çoxdur. Amma mən postsovet məkanına üstünlük verərdim.
- Bəs bizim Qurban Qurbanov idarə edə bilər?
- Onun başqa tapşırığı var. "Qarabağ"la məşğuldur. O ya "Qarabağ"ı qurban verməlidir, ya da millini. Çətin seçimdir, deyilmi? Qurbanın yerində olsaydım, "Qarabağ"da qalardım. Avropada yüksək nailiyyətlər üçün çalışardım. Çalışıb qrup mərhələsini də keçmək üçün əla imkanları var. Onun yerində olsam, belə edərdim.
- Bu il üçün cəmi bir oyun qalıb. Eyni zamanda həm "Qarabağ"ı, həm də millini idarə bilər?
- Bu, ehtiyat variantdır. Amma kifayət qədər ağır məsələdir. Qurban Qurbanov bunun öhdəsindən çətin bacarar. O, klubu həm ölkə çempionatına, həm kuboka, həm də Avropa Liqasına hazırlayır. Millinin də oyunu bir yandan.
- Bu il üçün sadəcə Norveçlə oyun qalıb...
- O ki vacib oyundur. Azərbaycan nə qədər də pis başlasa, hələ hər şeyi itirmiş saymaq olmaz. 3 oyunu uduzsa da, İtaliya, Xorvatiya və Norveç kimi çətin rəqiblərlə qarşılaşıb. Yaxşı seçim, rəhbər olsa, Norveç ilə oyunda qalib gələrək yenidən orkestrə dönüş edə bilər.
- Düşünürsünüz ki, nəinki Norveçi, sizin həmyerlilərinizi də turnir cədvəlində keçə bilərlər?
- Niyə də olmasın. Yaxşı çalışaraq üçüncü pilləyədə yüksəlmək olar. Bakıda Norveçi udsaq, Bolqarıstanla bərabərləşir və skandinaviyalılardan cəmi 3 xal geri qalırıq. Namizəd göstərilən baş məşqçilər də əsas prioritetinin daha vacib olduğunu müəyyənləşdirməlidirlər. Məncə, Qurbanov üçün Avropa Liqasında yaxşı çıxış etmək vacibdir. Bu, onun üçün əla şansdır. Tsxadadze üçün bu mövsüm ölkə çempionatında yaxşı təmsil olunmaq əla şansdır.
Röya KƏRİMLİ