Bu gün "Baghlan Group FZCO" və "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun 50 yaşı tamam olur. Sportnet.az-ın məlumatına görə, 2004-cü ilin noyabrından kluba rəhbərlik edən H.Məmmədov bu illər ərzində 2 dəfə Azərbaycan çempionluğu, Premyer Liqanın gümüş və bürünc mükafatçısı, eləcə də 3 dəfə ölkə kuboku sevinci yaşayıb.
O, 8 böyük futbol meydançası olan və 100 uşağın təlim aldığı futbol akademiyasından ibarət nəhəng futbol bazasını ərsəyə gətirib. Hazırda bu akademiyanın məzunları klubun əsas komandasında və bir çox Premyer Liqa klublarında top qovurlar.
H.Məmmədov uğurlu iş adamı olması ilə bərabər Azərbaycanın dünyada təbliği yönündə də işlər aparır. İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə əməkdaşlıq sayəsində Azərbaycanı hər iki Avropa ölkəsində, eləcə də bütün dünyada tanıyanların sayı xeyli artıb. Hər iki klubun oyun formasında "Azerbaijan- Land of Fair" loqotipi görüntülənir.
Qeyd edək ki, Hafiz Məcid oğlu Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvan şəhərində anadan olub. O, "Bakı"nın prezidenti seçildikdən bir il sonra - 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir 3 övladı var.