Fransa "Lans"ının əsas səhmdarı, azərbaycanlı iş adamı Hafiz Məmmədov öhdəliyini dekabrın 31-dək yerinə yetirə bilməsə, klubu tərk etməli olacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə klub prezidenti Jerve Martel keçirdiyi mətbuat konfransında açıqlama verib.
O deyib: "Hafiz Məmmədov bu günə olan öhdəliklərini bilir. Klubu saxlaya bilirsə, bu, yaxşı haldır. Məmmədov kluba çətin vaxtında dayaq durub, yaxşı oğlandır. Amma mən klub prezidenti kimi qəti qərarlar tapmalıyam. Ona görə də gözləyə bilmərəm".
Martel bildirib ki, Məmmədov klubdan ayrılacağı halda, "Lans" yanvardan başqa bir azərbaycanlı səhmdara veriləcək. O, ilyarım ərzində "sarı-qırmızılar"a 24 milyon avro xərcləmiş klubun əsas səhmdarının ötən həftəsonu daha 2,5 milyon avro ödədikdən sonra yeni transferlərin sifariş olunmasına icazə verildiyini açıqlayıb. Amma fransalı funksioner "Lans"ı almaq istəyən digər azərbaycanlı səhmdarın adını açıqlamayıb.
Qeyd edək ki, hazırda maliyyə problemləri yaşayan Hafiz Məmmədov "Lans"ın sahibi kimi qalsa, gələn ay kluba daha 14 milyon avro ödəməlidir.