Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Mirça Luçesku mövsüm başa çatdıqdan sonra Türkiyə "Fənərbağça"sına rəhbərlik edə bilər. Sportnet.az-ın "prosport.ro"ya istinadən verdiyi məlumata görə, "sarı-lacivərdlilər" rumıniyalı mütəxəssisə ildə 5 milyon avro təklif ediblər.
Luçesku Ukraynadakı vəziyyətlə əlaqədar "Şaxtyor"dan getmək istədiyini dəfələrlə açıqlayıb. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Bundan istifadə edən "Fənər" rəhbərliyi 69 yaşlı mütəxəssisə hazırkı əmək haqqından ikiqat artığını verməyə hazır olduğunu bildirib. Hətta klub prezidenti Aziz Yıldırımın onu görüşə çağırdığı da deyilir.
Bu mövsüm Donetsk təmsilçisi Ukrayna çempionatında 17 oyuna 38 xal yığıb. "Şaxtaçılar" turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. Bu komanda Luçeskunun rəhbərliyi altında 2004-cü ildən indiyədək 8 dəfə Ukrayna çempionu, 5 dəfə ölkə kubokunun və Superkubokun, eləcə də UEFA Kubokunun sahibi olub.
Qeyd edək ki, Mirça Luçesku əvvəllər Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klublarında da çalışıb.