UEFA tarixində ilk dəfə matçın qalan hissəsini hakim səhvi üzündən yenidən keçirməyə qərar verib. Sportnet.az-ın məlumatına görə, yeniyetmə qadınlardan ibarət İngiltərə və Norveç milli komandaları arasındakı Avropa çempionatının təsnifat oyunu 90+6-cı dəqiqədən davam etdiriləcək.
Məhz həmin an baş hakim Norveç yığmasının qapısına penalti təyin edib. Zərbə dəqiq yerinə yetirilsə də, qol ləğv olunub. İngiltərə yığmasının futbolçusu vaxtından əvvəl cərimə meydanına qaçıb. Nəticədə hakim penaltini yenidən vurmağa imkan verməyərək, Norveçin xeyrinə sərbəst zərbə təyin edib. Bu vaxt skandinaviyalılar 2:1 hesabı ilə öndə olublar.
Bununla razılaşmayan İngiltərə Futbol Federasiyası apelyasiya verib. UEFA isə oyun qaydalarının pozulduğunu əsas gətirərək, matçın sonluğunun penaltinin yenidən yerinə yetirilməsi ilə başlamağa qərar verib.
Qeyd edək ki, oyun qaydalarının pozulma halı "Qarabağ"ın Avropa Liqasında İtaliya "İnter"i ilə 2014-cü il dekabrın 11-də keçirdiyi oyunda da baş verib. Çexiyalı baş hakim Miroslav Zelinka "Qarabağ"ın təmiz qolunu saymadıqdan sonra matçı uzatma dəqiqələri sonadək oynanmadan başa çatdırıb. Lakin UEFA oyunun yenidən keçirilməsinə lüzum görmədən, 0:0 hesablı nəticəni qüvvədə saxlayıb.