
"Lənkərandakı oyunda cəzalı olduğumdan, oynaya bilmədim. "İnter"lə matça isə var gücümüzlə hazırlaşmışdıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter"lə Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra jurnalistlərə açıqlamasında "Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov deyib.
23 yaşlı yarımmüdafiəçi bildirib ki, 2:0 hesablı qələbə flaqmanın finala vəsiqə qazandığı anlamına gəlməməlidir: "Bu, şeyin həll olunduğunu göstərmir. Hələ cavab oyunumuz var. Təkrar görüşdə də qalib gəlib kubokda yolumuza davam etmək istəyirik".
Rəqibdən daha çox istəkli, əzmkar olduqlarını bildirən Seyidov bunun son vaxtlar baş verən rəhbərlik dəyişikliyi ilə əlaqəli olmadığını bildirib: "Rəhbərlik dəyişikliyinin oyunumuza o qədər də təsiri yoxdur. Mövsümün sonuna az qalıb və ən azı Avroliqaya vəsiqəni təmin etməliyik. Ən yaxın yolumuz da kubokdandır. Üstünlüyümüz budur ki, sona doğru nəsə etməyə çalışırıq. Finalda rəqibimizin kim olmasının fərqi yoxdur. Hələ bu haqda danışmaq tezdir".
Qarşılaşmanın ardından "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin komanda ilə görüşdüyünü söyləyən 23 yaşlı futbolçu Abdullayevin oyundan razı qaldığını vurğulayıb: "Sağ olsunlar, Şura üzvlərinin dəstəyini hiss edirik. Onlar həmişə yanımızdadırlar".