Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında qaliblər üçün fərqli mükafatlandırma tətbiq olunur.
Sportnet.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi olimpiya və qeyri-olimpiya çəki dərəcələrini ayırmağı qərara alıb.
Nəticədə olimpiya çəki dərəcələri üzrə qızıl medalçılar 2 000 manat, qeyri-olimpiya çəkiləri üzrə isə 1 000 manat pul mükafatı alırlar.
Gümüş və bürünc medalçılarda isə bu fərq qoyulmayıb. Həm olimpiya, həm də qeyri-olimpiya çəki dərəcələrində onlar müvafiq olaraq, 700 manat və hərəyə 300 manat alırlar.
Qeyd edək ki, sərbəst güləşdə olimpiya çəkiləri 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq, qeyri-olimpiya çəkiləri 61 kq, 70 kq, 79 kq və 92 kq-dır. Yunan-Roma güləşində isə 60 kq, 67 kq, 77 kq, 87 kq, 97 kq və 130 kq olimpiya çəkiləri, 55 kq, 63 kq, 72 kq, 82 kq qeyri-olimpiya çəkiləridir.

















































































