Azərbaycan cüdoçusu Orxan Səfərov Kubanın paytaxtında start götürən Havana Qran Prisində bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı idmançı bu nailiyyəti yarışın ilk günündə 60 kq çəki dərəcəsində əldə edib.
Səfərov mübarizəyə ikinci mərhələdən qoşulub. Avstriya təmsilçisi Lüdviq Peyşeri, ardınca monqolustanlı Tsoqtbaatar Tsendoçiri məğlub edən azərbaycanlı cüdoçu 1/4 finalda böyük britaniyalı Eşli Makkenziyə qalib gəlib. Lakin yarımfinalda braziliyalı Erik Takabatakeyə uduzan Səfərov bürünc medal uğrunda görüşə çıxıb. O, Özbəkistan təmsilçisi Şarafuddin Lütfillayevi yenərək, Azərbaycan millisinin hesabına ilk medalı yazdırıb.
60 kq çəkidəki digər cüdoçu İlqar Müşkiyev ilk görüşdə Bekir Özlüyə uduzaraq, mübarizəni dayandırıb. 66 kq çəkidə yer alan Tərlan Kərimov isə yarışa kosta-rikalı Yan Sanco Çinçila üzərindəki qələbə ilə başlasa da, növbəti qarşılaşmasında braziliyalı Çarlz Çibanaya yenilib və mükafatsız qalıb.