Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko final mərhələsində çıxış edib.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı idmançı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə finişə 39,493 saniyəyə çatıb.
Bununla da Demyanenko gümüş medal qazanıb. Bu, 4 qat dünya və 4 qat Avropa çempionunun ilk olimpiya medalı olub.
Ukraynalı legionerin həmyerlisi Yuri Çeban finişə 39,279 saniyəyə çataraq, ardıcıl 2-ci dəfə olimpiya çempionu olub. O, həm də olimpiadalar tarixində ən yüksək nəticəni göstərib.
Bürünc medala isə 39,628 saniyə göstərici ilə braziliyalı İsakias Keyruş Dos Santos layiq görülüb.
Qeyd edək ki, Valentin Demyanenko Azərbaycana 4-cü gümüş, ümumilikdə isə 8-ci medalı qazandırıb. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) və taekvondoçu Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
--------------------------------------
Demyanenko final yürüşündə
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı çıxış edəcək.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq, mübarizəyə kanoeçi Valentin Demyanenko qoşulacaq.
33 yaşlı idmançı Bakı vaxtı ilə saat 16:23-də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşündə iştirak edəcək. Onun rəqibləri çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çeban olacaq.