Amerika Basketbol Liqasının (NBA) sonuncu qalibi "Qolden Steyt” komandanın üzvü Stefen Karri ilə rekord məbləğ qarşılığında yeni müqavilə bağlayacaq.
Sportnet.az-ın ESPN telekanalına istinadən verdiyi məlumata görə, bunadək illik 11 milyon dollar maaş alan 29 yaşlı basketbolçu 5 illik yeni sözləşməyə əsasən 201 milyon dollar qazanacaq.
Hazırda NBA-nın ən ödənişli basketolçusu "Klivlend” komandasının üzvü Lebron Ceymsdir. Onun illik əmək haqqısı 33 milyon dollar təşkil edir.
Qeyd edək ki, Stefen Karri 2009-cu ildən formasını geyindiyi "Qolden Steyt”lə iki dəfə NBA çempionu olub (2015, 2017). 29 yaşlı basketbolçu ABŞ yığmasının heyətində də eyni sayda dünya çempionu tituluna sahib çıxıb (2010, 2014). O, həmçinin iki dəfə liqanın ən dəyərli oyunçusu seçilib (2015, 2016).









































































