Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Vüqar Həşimov memorialın - “Şhamkir Chess-2019” turnirinin açılış mərasimi öncəsi jurnistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın Şəmkirə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Məmmədyarov öncə turnirin favoriti barədə fikrini bölüşüb.
“Sözsüz ki, Maqnus Karlsen favorit sayılır. Ümumiyyətlə, o, bütün turnirlərin 90 faizində qalib olmağa əsas namizəddir. Amma bu dəfə birinci olmağa çalışacağam. Çünki 2 dəfə qələbə qazanmışam” deyə o bildirib.
Azərbaycan şahmat tarixində 2800 əmsalını adlayan hələ ki, yeganə şahmatçı daha sonra son zamanlar uğursuz çıxışından danışıb: “Bir turnir mənim üçün uğursuz oldu. Amma sonradan yaxşı oldu”.
Şahmatçı iddialıların turnirinə vəsiqə qazanmaq şansından danışıb: “Bir az çətin olacaq. Artıq reytinqə görə 2 deyil, 1 idmançı getməlidir. Buna görə çətinlik yaranacaq”.
Məmmədyarov sponsor məsələsinə də aydınlıq gətirib. O, gödəkcəsində yazılmış “S” hərfindən danışıb: “Bu geyim sadəcə, sponsorun mənə bir hədiyyəsidir. Sponsor məsələləri haqqında sonra danışacağıq”.
“Azərbaycanın gənc şahmatçılarından kimi 2700+ əmsalına iddialı sayırsınız” sualına isə o, heç də pozitiv cavab verməyib: “Belə ad çəkəcəyim adam yoxdur. Təəssüf ki, son zamanlar ölkəmizdə şahmatın inkişafı zəifləyib. Gənclərdə o qədər perspektiv görünmür ki, kimisə xüsusi qeyd edim”.
Azərbaycan yığması indiyədək heç vaxt Şahmat Olimpiadalarında medal qazanmayıb. Məmmədyarov bunun səbəbini belə izah edib: “Son Olimpiadada uğursuz çıxış etdik. Bəli, zaman-zaman medalların bir addımlığında dayanmışıq. Amma alınmayıb. İndiyə qədər medal qazanmamışıq. Amma növbəti Olimpiadaya ümid var. Buna var gücümüzlə çalışacağıq”.