"Gələcəkdə əcnəbi baş məşqçinin gətirilməsi barədə düşünürük".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) prezidenti Şahin Mövsümov qurumun hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında deyib.
İş adamı bildirib ki, mütəxəssisin qarşısına müəyyən hədəflər qoyulacaq: "Ən önəmli məqsədlərimizdən biri olimpiadaya lisenziya alınmasıdır. Qısamüddətli uğurlar istəmirik. Ona görə də uzunmüddətli hədəflər qoyuruq. Geridə qalan 10 ildə nəticələri legionerlər yox, gənclərimiz göstərdi".
Onun sözlərinə görə, yeni baş məşqçi məşhur idmançı olacaq: "Yenilik gətirmək, sistemdəki səhvlərimizi görmək istəyirik. Bilirsiniz ki, bu idman növü daha çox Cənubi Koreyada inkişaf edib. Ya həmin ölkədən, ya da Türkiyədən mütəxəssis gətirmək istəyirik".
Federasiya rəhbəri prezident seçkisinin gecikmə səbəbini belə izah edib: "Sergey Qospodinovu 6-7 ay bundan öncə yola saldıq. Yeni baş məşqçi axtarırıq. Ona görə də hesabat-seçki konfransı gec baş tutdu".
Mövsümov kamandan oxatmanın bahalı idman növü olduğunu söyləyib: "Federasiyaya yeni gələndə məşq etməyə yerimiz, avadanlıqlarımız da yox idi. Sadəcə, federasiyanın adı var idi. Qısa müddətdə milli komanda formalaşdırdıq. Qapalı idman kompleksimiz olmalı, regionlarda klublar açılmalıdır. Bütün planlar olimpiya lisenziyasına bağlıdır".
Qeyd edək ki, Şahin Mövsümov bu gün ARKOF-a yenidən prezident seçilib.