Azərbaycan taekvondoçusu Radik İsayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medalsız qalıb.
Sportnet.az-ın xəbərinə görə, Olimpiya, dünya, ikiqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəylik Oyunlarının qalibi yarışdığı +87 kq çəki dərəcəsində qazaxıstanlı rəqibi Baurcan Həsənovla bacarmayıb. Nəticədə Dağıstan əsilli idmançı medalsız qalıb.
Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan taekvondoçusundan Məhəmməd Məmmədov (74 kq) ikinci, Fatimə Məcidova (62 kq) isə ilk görüşündə uduzaraq, mübarizəni dayandırıb. Bununla da Azərbaycan taekvondo yarışlarını 5 medalla (1 qızıl, 2 gümüş, 2 bürünc) tamamlayıb.
Qeyd edək ki, dünən Olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionu Milad Beiqi də uduzaraq medal qazana bilməyib.