
İspaniya yığma komandasının qapıçısı İker Kasilyas DÇ-2014-də Hollandiyaya qarşı keçirdikləri (1:5) debüt oyunu ilə bağlı fikirlərini bölüşüb. Sportnet.az-ın "AS" nəşrinə istinadən yaydığı məlumata görə, təcrübəli əlcək ustası komandasının oyundan qopma anını açıqlayıb.
Onun sözlərinə görə, hollandlar fenomenal oyun sərgilədikləri halda, təmsil etdiyi yığma rəqibini heç nə ilə təəccübləndirə bilməyib: "Həm komanda yoldaşlarım, həm də mən özüm pis oynadıq. Bizdən fərqli olaraq, hollandlar yaxşı oynadı. Ancaq olan olub, keçən keçib. Hesab 1:3 olduqdan sonra, oyundan qopduq. İndi biz yalnız Çili ilə görüş barədə düşünməliyik. Bu oyun bizim üçün finala bərabər tutulmalıdır".