
O bildirib ki, qasıq əzələlərindəki zədə üzündən mundialdakı qalan görüşlərdə iştirak edə bilməyəcək: "Əminəm ki, bu, ciddi zədədir. Amma səhv də edə bilərəm. Bizim işimizdə belə halların baş verməsi üzücüdür. Bu gün həyatımda ən kədərli günlərdəndir. Qarşıda 2 oyunumuz var. "Pley-off"a çıxma şanslarımız qalır".
Koentrau Almaniya ilə qarşılaşmanın ikinci hissəsinin ortalarında zədələnib. O, topu ram etməyə çalışarkən, əzələlərini dartıb. Görüş Portuqaliyanın 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu matçda hücumçu Uqu Almeyda da baldırının arxa nahiyəsindən xəsarət alıb. Yığmanın həkimi bildirib ki, hər iki oyunçunun bərpasına ən azı 10 gün lazım gələcək. Bu isə Koentrau və Almeydanın ən azı qrupun qalan 2 matçında çıxış edə bilməyəcəkləri anlamına gəlir. Amma zədənin ciddilik dərəcəsi hərtərəfli tibbi müayinədən sonra bilinəcək. Həkim matçdan sonra əsas qapıçı Rui Patrisiunun da sol baldırından şikayətləndiyini əlavə edib.