
Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün 7 növ üzrə mübarizə gedəcək.
Sportnet.az-ın məlumatına görə, saat 9:00-da Qəbələ Atıcılıq Mərkəzində atıcılığın müxtəlif növləri üzrə yarışlar davam etdiriləcək.
Eyni saatda Qəbələ Olimpiya İdman Kompleksində badmintonçuların qarışıq komanda növündə görüşləri start götürəcək. B qrupunda yer alan Azərbaycan komandası Belarusla görüşəcək. 16:00-da isə yarımfinal oyunları başlanacaq.
Saat 10:00-dan Gəncə İdman Sarayında üzgüçülüyün ayrı-ayrı növləri üzrə yarışlar davam etdiriləcək.
Qəbələ şəhər stadionundakı futbol yarışında Azərbaycanın U-16 millisi A qrupunda son oyununu Qırğızıstana qarşı keçirəcək. Oyunun start fiti saat 12:00-da çalınacaq.
B qrupunda yer alan Rusiya isə saat 14:00-da Özbəkistanla üz-üzə gələcək.
Saat 12:00-da Yevlax Olimpiya İdman Kompleksində boksçular arasında 1/4 final görüşləri davam etdiriləcək.
Eyni saatda Şəki Olimpiya İdman Kompleksində gimnastikanın tamblinq növü üzrə mübarizə başlanacaq.
Saat 16:00-da Gəncə İdman Sarayında voleybol üzrə qadınlar arasında B qrupunun Rusiya - Belarus, saat 18:30-da A qrupunun Özbəkistan - Tacikistan matçları start götürəcək.