
Azərbaycan İdman Akademiyası (ASA) ilk dəfə ölkə xaricində beynəlxalq elmi konqresin rəsmi həmtəşkilatçısı kimi çıxış edib.
Sportnet.az xəbər verir ki, Sloveniyanın Portoroz şəhərində keçirilən I Beynəlxalq “Human in Motion” Konqresi Koper Elmi-Tədqiqat Mərkəzi və bir sıra beynəlxalq tərəfdaşlarla birgə təşkil olunub.
Tədbir fiziki aktivlik, sağlamlıq və yaşlanma mövzularına həsr edilib.
Konqresdə ASA-nı Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının müdiri, r.ü.f.d. Könül Məmmədova, Akademiyanın psixoloqu, p.ü.f.d. Aynur Bünyatova və İdman tibbi tədqiqatları laboratoriyasının psixoloqu Arzu Süleymanova təmsil ediblər.
Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi məruzələrdə “Azərbaycanda 17–24 yaşlı fiziki aktiv tələbələrdə psixoaktiv maddələrdən istifadənin sosial-psixoloji risk faktorları”, “Uzunmüddətli fiziki aktivliyin təşviqində şəxsiyyətə əsaslanan psixoloji müdaxilələr: HEXACO modeli yanaşması” və “Biomechanical Solutions and Strategies for Space and Earth: Artificial Gravity and Resistance Training” mövzuları müzakirə olunub.
Rəsmi ziyafətdə çıxış edən Ülkər Babayeva beynəlxalq elmi əməkdaşlığın, öyrənmə və təcrübə mübadiləsinin, eləcə də sağlamlıq və idman sahəsində yeni yanaşmaların paylaşılmasının vacibliyini vurğulayıb.