Bu gün start götürən beynəlxalq “Azerbaijan Open” turnirində müxtəlif yaş kateqoriyasından 20 qadın dağ xizəkçisi iştirak edib.
Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışa Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistan təmsilçiləri qatılıb.
Azərbaycanı Anastasiya Papatoma təmsil edir.
Turnirin ilk günündə idmançılar dağ xizəyinin Slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparıblar. Yarışın nəticəsinə uyğun olaraq gürcüstanlı Nino Tsiklauri 1-ci, isveçli Nikita Anner 2-ci, özbəkistanlı Kseniya Brejnaya 3-cü yerə sahib olublar.
Turnir çərçivəsində AQİNF ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) arasında əməkdaşlığa və gələcək layihələrə, o cümlədən qış idmanının Azərbaycanda tanıdılması və infrastrukturun yaradılması, idman tədbirlərinin keçirilməsi istiqamətində görülən işlərə dair brifinq təşkil olunub.
Qeyd edək ki, AQİNF və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən keçirilən turnir yanvarın 10-dək davam edəcək. Növbəti günlərdə idmançılar slalom və nəhəng slalom növlərində mübarizə aparacaqlar. Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AQİNF prezidenti Fuad Nağıyev iştirak ediblər.