Motosiklet idmanında ağır itki qeydə alınıb.
Sportnet.az xəbər verir ki, yanvarın 12-də Fransada keçirilmiş yolsuzluq motosiklet yarışları zamanı 21 yaşlı yerli pilot Rafael Şole faciəli şəkildə dünyasını dəyişib.
Qrayane kommunasındakı yarışın gedişində Şole süni tramplindən tullanış etməyə cəhd göstərərkən motosikletdən yıxılıb. Bundan dərhal sonra onu arxadan gələn digər motosikletçi vurub. Gənc pilot ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə cəlb olunan tibbi briqada tərəfindən dərhal müdaxilə edilsə də, Şoleni xilas etmək mümkün olmayıb. O, aldığı travmalar ağır olduğu üçün xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib.
Qeyd edək ki, faciə motoidman ictimaiyyətində böyük kədər doğurub. Almaniyanın "DirtbikeLover" nəşri qum üzərində keçirilən yarışların azarkeşləri və bütün motosiklet ailəsinin matəm içində olduğunu bildirib və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verib.









































































