İtaliyanın Milan və Kortina-d’Ampeçço şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarında medalların keyfiyyəti ilə bağlı problem ortaya çıxıb.
Sportnet.az-ın məlumatına görə, idmançıların sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda bəzi medalların lentlərinin qopduğu vurğulanıb.
Bu hal bir neçə idmançının mükafatlandırma zamanı çətinlik yaşamasına səbəb olub. İsveçli xizəkçi Ebba Anderssonun gümüş medalı lentinin qopması nəticəsində qara düşərək itirilib. Almaniyalı biatlonçu Yustus Ştrelovun bürünc medalı isə bu nailiyyəti qeyd etdiyi vaxt yerə düşüb.
Məsələ ilə bağlı Olimpiya Oyunlarının Təşkilat Komitəsinin baş əməliyyat direktoru Andrea Françezi açıqlama verib. O, təşkilatçıların problemdən xəbərdar olduğunu və medalların keyfiyyəti ilə bağlı vəziyyətin araşdırıldığını bildirib: “Problemin nədən qaynaqlandığını müəyyənləşdiririk və bu məsələyə xüsusi diqqət ayıracağıq. Medalların təqdimatı zamanı hər şeyin yüksək səviyyədə olması son dərəcə vacibdir. Bu, Oyunların ən önəmli anlarından biridir”.
Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.
















































































