Azərbaycan paytaxtında qadın tennisçilər arasında keçirilən "Baku Cup" turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Rusiyanın erməni əsilli tennisçisi Marqarita Qasparyan yarışın mütləq qalibi olub.
O, həm fərdi, həm də qoşa mübarizədə final görüşlərindən üstün ayrılıb.
Qasparyan fərdi mübarizədə rumıniyalı Patrisiya Mariya Tiqi yenib - 6:3, 5:7, 6:0. Qoşa mübarizədə isə onun Aleksandra Panova ilə birgə təşkil etdiyi duet finalda Vitaliya Dyatçenko (Rusiya) - Olqa Savçuk (Ukrayna) cütlüyünü məğlub edib - 6:3, 7:5. Bununla da erməni əsilli tennisçi karyerasında ilk dəfə WTA (Qadın Tennisçilər Assosiasiyası) seriyalı turnirdən qalib ayrılıb.
Hər il Bakı Tennis Akademiyasında keçirilən "Baku Cup"un ümumi mükafat fondu 255 min dollar olub. Qasparyan fərdi yarışdan 43 min dollar, qoşa mübarizədən isə 12,3 min dollar irəli düşüb.
Turnirin ardından mütləq qalib bildirib ki, bu turnir onun üçün inanılmaz alınıb: "Final görüşlərində möhtəşəm atmosfer vardı. Məni və duet ortağımı dəstəkləyənlərə, eləcə də təşkilatçılara minnətdaram. Bu, gözəl turnir idi. Bakıda keçirdiyim bir həftəni ömrüm boyu xatırlayacağam".
Qeyd edək ki, Marqarita Qasparyan "Baku Cup"dan sonra WTA reytinqində `122-ci pillədən ilk "100-lüy"ə yüksələcək.