
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun aprelin 1-dən maliyyə yardımını dayandırdığı “Futbol+” kollektivi bu gün ilk etiraz aksiyasını keçirib.
Sportnet.az xəbər verir ki, metronun “Elmlər Akademiyası” stansiyasının önündə toplaşan qəzetçilər burdan KİVDF-nin ofisinin önünə doğru hərəkət ediblər. Onlar müxtəlif şüarlar səsləndirərək, haqlarını tələb ediblər. Qəzetin baş redaktoru Mahir Rüstəmli aksiyanın sonunda qətnaməni oxuyub. Qətnamədə qərara yenidən baxılması, “Futbol+” qəzetinə ayrılan aylıq maliyyənin bərpası tələb edilir.
Daha sonra qəzet kollektivi Prezident Administrasiyasının önünə yollanıb. Mahir Rüstəmli, qəzetin reklam direktoru İlqar Əliyev və yazarı Rəşad Qasımov qəbul şöbəsində qəbul olunub.
M.Rüstəmli jurnalistlərə açıqlamasında bildirib ki, onlardan aprelin 11-i, saat 2-də qəbula gəlmələri istənilib: "Qəbul normal keçdi. Bizi dinlədilər və problemlərlə maraqlandılar. Dedilər ki, aprelin 11-də saat 2-də yenidən qəbula gəlin. Bizi yenidən qəbul edəcəklər. Ondan sonra növbəti fəaliyyət planımızı müəyyənləşdirəcəyik".
Qeyd edək ki, KİVDF "Futbol+"ə maliyyə yardımını sahə mətbuatı olduğu üçün dayandırıb. Qəzet rəhbərliyi isə yeni dövr üçün maliyyə yardımı alanlar arasında digər sahələrin mətbuat orqanlarının olduğunu bildirərək, qərarı ədalətsiz hesab edir.