AAAF Park Yaşayış Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nın təntənəli açılış mərasimi olub.
Sportnet.az xəbər verir ki, tədbirdə Azərbaycan və dünya idmanının, həmçinin ölkə ictimaiyyətinin tanınmış simaları, Olimpiya çempionları, Avropa və dünya çempionatlarının qalib və mükafatçıları, Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, müxtəlif qurumların vəzifəli şəxsləri və digərləri iştirak ediblər. 27 idman növündə 12 ölkədən 4 mindən çox uşaq idmançının qatıldığı yarışın açılış mərasimi də maraqlı və diqqətçəkən alınıb.
Tədbirdə ilk olaraq Oyunlar barədə məlumat verilib. Qeyd olunub ki, “Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunlar ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd Heydər Əliyev irsinin yaşadılması, onun ölkə üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
Həmçinin bildirilib ki, builki yarışlarda idmançılar ağır atletika, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.Sonra yarışa qatılan bütün idman növləri üzrə hər birindən 12 iştirakçı meydançaya dəvət olunub. Təntənəli marş sədaları altında onların hər biri öz yerlərini tutub, böyük bir idmançı qrupu formalaşıb. Yarışların xüsusi geyimində olan parad iştirakçılarının keçidi alqışlarla müşayiət olunub, rəğbətlə qarşılanıb.
“Zirvə Beynəlxalq İdman Klubları”nın və Azərbaycan Republikasının Dövlət Bayraqlarının qaldırılması mərasimi başlayıb. Klubun bayrağını “Zirvə Oyunları”nın 3 qat qalibi Selcan Qarayeva, ölkə bayrağımızı isə debütant, “Toradi-Zirvə” təmsilçisi İranə Qüdrətzadə qaldırıb. Bu mərasimlə eyni zamanda Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Zirvə Oyunlarının açılış mərasiminin ab-havasının daha da yaddaqalan edilməsi üçün bədii hissəyə keçilib. Əvvəlcə tanınmış “Natiq” Ritm Qrupu çıxış edərək öz şux ifaları ilə tribunalara toplaşanların əhval-ruhiyyəsini yüksəldib. Sonra gənc mufam ifaçısı Kənan Bayramlının çıxışı dinlənilib.
İlk “Zirvə Oyunlar”ının iştirakçısı, hazırkı, 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının isə təşkilatçılarından olan Ceyran Heydərli də çıxış edib. O, Azərbaycan və ingilis dillərində bu yarışın əhəmiyyəti barədə danışaraq, Ulu Öndər Heydər Əliyevin idman irsinin qorunub-saxlanmasının vacibliyini qeyd edib.
Sonda “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti, sabiq ağırlıqqaldıran, Olimpiya Oyunlarının iştirakçısı Tofiq Heydərov yarışları rəsmən açıq elan edib.Çıxışdan sonra “Zirvə” BİK-in marşı səsləndirilib. Səslənmə ilə eyni zamanda böyük atəşfəşanlıq olub.
Qeyd edək ki, mayın 5-də start götürən VII Beynəlxalq "Zirvə" Uşaq Oyunları mayın 28-dək Xırdalan və Astara şəhərlərindəki AAAF Park Yaşayış, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək.