Bakı Olimpiya Stadionunda İtaliya milli komandasının indiyədək qazandığı 4 Dünya Kuboku nümayiş etdirilib. Sportnet.az-ın məlumatına görə, öncədən nümayişin saat 17:00-dan başlanacağı açıqlansa da, insanların həmin məkana gəlişi bir saatadək gec gerçəkləşib.
Buna stadionun giriş qapıları önündə azarkeşlərin polislər tərəfindən ləngidilməsi səbəb olub. Kuboklarla şəkil çəkdirməyə 200-dək fanat gəlib. Onların arasında zərif cinsin nümayəndələri, hətta azyaşlılar da olub.
Tamaşaçılar arasında yanaqlarına Azərbaycan və İtaliyanın bayraqlarını çəkən gənc qız, həmçinin Azərbaycan bayrağını kürəyində gəzdirən uşaq xüsusi diqqət çəkib.
Polislər oyundan 4 saat əvvəl stadiona avtomobillə gələnlərə də əngəl törədiblər. Onlar arenanın dayanacaqlarında avtomobillərin parklanmasına icazə verilmədiyini bildiriblər. Halbuki oyun öncəsi AFFA-nın rəsmi saytı vasitəsilə Bakı Olimpiya Stadionunda 2500-dək maşının saxlanması üçün parkinqin fəaliyyət göstərəcəyi və bu səbəbdən, avtomobillə oyuna 4 saat tez gəlməyin zəruriliyi açıqlanıb.
Qeyd edək ki, İtaliya yığmasının 1934, 1938, 1982 və 2006-cı illərdə dünya çempionu olub. İlk 2 kubok "Qızıl ilahə" adlanır.