Yaponiyanın Narita şəhərində sambo üzrə dünya çempionatı keçirilir. Sportnet.az-ın məlumatına görə, ilk 2 yarış günündə Azərbaycan təmsilçiləri 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.
Fəxri kürsünün ən yüksək pilləsinə 74 kq çəki dərəcəsində yer alan Amil Qasımov yüksəlib. Qasımov ilk görüşündə iordaniyalı Mahmud Abuhbarı, ardından qazaxıstanlı Assılbek Alkeyi, 1/4 finalda kanadalı Nik Tritonu, yarımfinalda irlandiyalı Lloyd Manninqi yendikdən sonra finala yüksəlib. Həlledici görüşdə isə o, rusiyalı İlya Lebedevi məğlub edərək, dünya çempionu olub.
52 kq çəkidə yer alan Ağasif Səmədov isə yalnız finalda büdrəyib. O, ilk görüşündə kanadalı Torin Makfadyeni, 1/4 finalda Vladimir Lamanovu, yarımfinalda isə özbəkistanlı Şavkat Jurayevi məğlub edib. Lakin həlledici qarşılaşmada Səmədov gürcüstanlı Gennadi Çirqadzeyə uduzaraq, gümüş medal əldə edib.
Nəhayət, 68 kq çəkidə Emil Həsənov əvvəlcə cibutili Fuad Anass Husseyni, ardından yeni zelandiyalı Aleksandr Bişopu yensə də, 1/4 finalda monqolustanlı Tumurxuleq Davadorja uduzub. Təsəlli qarşılaşmalarında isə Həsənov əvvəlcə argentinalı Fernando Qonsalesi, ardından qırğızıstanlı Eldiyar Ulu Jarkınbayı məğlub edərək, bürünc medala yiyələnib.
Qeyd edək ki, dünya çempionatına bu gün yekun vurulacaq.