"Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara ABŞ-ın MLS Liqasında çıxış edən "San Xose "Örtkveyks" klubu ilə müqavilə bağlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun baş meneceri Con Doyl açıqlama verib.
O bildirib ki, 26 yaşlı hücumçu hazırda karyerasının çiçəklənmə dövründədir. Emeqaranı yüksək səviyyəli oyunçu kimi dəyərləndirən Doyl onu heyətlərinə uzun müddətə cəlb etmələrindən məmnunluğunu bildirib. Lakin klub rəsmisi anlaşmanın müddəti və məbləğini açıqlamayıb. Komandanın baş məşqçisi Dominik Kinner isə bildirib ki, Emeqara böyük potensiala, müdafiəçilərdən sıyrılma və oyuna fəal qoşulma qabiliyyətinə malikdir.
Qeyd edək ki, İnnosent Emeqara "Qarabağ"dan öncə İsveçrə, Fransa və İtaliya klublarının, eləcə də İsveçrə yığmasının formasını geyinib. O, Ağdam komandasının heyətində 8 oyuna 5 qol vurub. Emeqara klubun tarixi ərzində 4-cü, bu mövsüm isə 3-cü "təyinatlı oyunçu"sudur. Futbolçu P-1 vizası və beynəlxalq transfer sertifikatı alanadək belə bir statusda çıxış edəcək. Daha öncə braziliyalı pleymeker Covanni, ABŞ yığmasının hücumçusu Kris Vondolovski və argentinalı orta xətt oyunçusu Matias Peres Qarsiya bu komandaya keçib. "San Xose "Örtkveyks" MLS Liqasında 34 turdan sonra Qərb Konfransında 30 xalla 9-cu pillədə qərarlaşıb.