
Milli Gimnastika Arenasında cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, əvvəlcə iştirakçı ölkələr, daha sonra Azərbaycan cüdoçularının Paris-2024 Yay Olimpiya Oyunlarında və digər nüfuzlu yarışlarda nailiyyətlərindən bəhs edən süjet nümayiş olunub.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev bildirib ki, belə bir yarışın Azərbaycanda keçirilməsi ölkə cüdosunun inkişafına böyük töhfə verir, yerli idmançılara beynəlxalq yarışlarda öz qüvvələrini sınamaq imkanı yaradır. O, ötən il Azərbaycan cüdosu üçün ən uğurlu nailiyyətlər əldə etdiklərini və nailiyyətlərdə ölkə rəhbərliyinin idmana diqqət və qayğısının durduğunu diqqətə çatdırılıb. Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerə də təşəkkürünü bildirib və bütün yarış iştirakçılarına uğurlar arzulayıb.
IJF prezidenti Marius Vizer ACF prezidentini və Azərbaycan cüdo ailəsini olimpiadada qazanılmış uğur münasibətilə təbrik edib, ölkədə cüdonun inkişafı naminə görülmüş işləri müsbət dəyərləndirib. Azərbaycanı çox böyük texnologiya və innovasiya ölkəsi kimi dəyərləndirən Vizer yarışı açıq elan edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Bununla da açılış mərasimi yekunlaşıb və medallar uğrunda görüşlərə start verilib.