
MMA döyüşçüsü Tofiq Musayev “UFC Döyüş Gecəsi”ndə çəki dərəcəsini dəyişib.
Sportnet.az xəbər verir ki, azərbaycanlı idmançı bunu Qırğızıstandan olan rəqibi Mıktıbek Oralbayın çəki sala bilməməsi ilə əlaqələndirib.
"Karyeram boyu heç vaxt çəki salma prosesində problem yaşamamışam. Həmişə bu prosesə məsuliyyətlə yanaşmışam. Bu dəfə də hər şey plana uyğun gedirdi. Dünən axşam cəmi 900 qram salmalıydım. Amma UFC komandası bizimlə əlaqə saxladı və bildirdi ki, rəqib artıq çəkini salmağa davam edə bilmir. O, bütün gecəni həkimlərin nəzarətində olub. Gördüyünüz kimi, bu gün divizion limitindən 5 kiloqram artıq çəkidə idi. Onlar mənim fikrimi soruşdular, hətta döyüşü təxirə salmaq istədilər.
Amma mən bu döyüşü qəbul etdim. Səhər yemək yedim, su içdim, ona görə də çəkim 73 kiloqramı keçdi.
Mən öz vətənimdə döyüşürəm. Bu, ölkəm üçün tarixi bir turnirdir. Bu döyüşün təxirə salınmasına imkan verə bilməzdim, nə UFC-ni, nə də azarkeşləri yarı yolda qoya bilməzdim. Axı hamı bu döyüşü gözləyir. Qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm", – deyə o bildirib.
Qeyd edək ki, Bakı Kristal Zalında təşkil olunacaq UFC turniri iyunun 21-də keçiriləcək.