
Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Turan Bayramov (74 kq) 1/8 finalda ABŞ-dan olan Deyvid Kara 3:5 hesabı ilə məğlub olub.
Bu çəkidəki Maqomed-Başir Xaniyev qazaxıstanlı Alibek Abdikassimov xalçaya çıxmadığı üçün qələbə qazanıbsa, rəqibinin həmyerlisi Yeldos Kuanişbaya vaxtından əvvəl qalib gəlib – 13:2.
Yarımfinalda bəhreynli Maqomedrasul Asluyevi 4:2 hesabı ilə üstələyən Xaniyev həlledici görüşdə yaponiyalı Kоtа Takahaşiyə 0:4 hesabı ilə uduzub və gümüş medalçı olub.
Arseniy Djioyev (86 kq) gürcüstanlı Tornike Samxaradze zədələndiyi üçün tər tökmədən 1/4 finala yüksəlib. Milli üzvü daha sonra slovakiyalı Boris Makoyev (3:0) və türkiyəli Osman Göçenə (10:0) gücünü göstərərək adını finala yazdırıb. Olimpiya mükafatçısı, belaruslu Maqomedxabib Kadimaqomedov zədə üzündən xalçaya çıxmadığı üçün Djioyev qızıl medala sahib çıxıb.
Osman Nurmaqomedov (92 kq) bəhreynli Maqomed Şaripovu (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda son Avropa çempionu, yunanıstanlı Dauren Kuruqliyevə 1:5 hesabı ilə məğlub olub. Bu çəkidəki Abubakr Abakarov təsnifat mərhələsində amerikalı Trent Hidle ilə bacarmayıb – 2:7. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Abakarov macarıstanlı Kristiyan Anqyala heç bir şans tanımayıb – 11:0.
Bürünc medal görüşü isə baş tutmayıb. Kuruqliyev zədələndiyi üçün güləşməyib və Abakarov yarışı üçüncü pillədə başa vurub.
Beləliklə, Azərbaycan millisi turniri 5 medalla tamamlayıb.
Xatırladaq ki, ilk yarış günündə İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Yığma 100 xalla komanda hesabında 3-cü yeri tutub və Gürcüstandan cəmi 5, ABŞ-dan 2 xal geri qalıb.