Qadın güləşi üzrə Azərbaycan çempionatının keçirilməməsinin səbəbi açıqlanıb.
Bu barədə Sportnet.az-a federasiyanın baş katibi Pərvin Piriyev bildirib.
Onun sözlərinə görə, Bakı İdman Sarayında təşkil olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yarışda qadınların da iştirakına say azlığı imkan verməyib.
Piriyev bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini diqqətə çatdırıb: "Son illərdə Azərbaycan Cüdo Federasiyası kifayət qədər uğurlu layihələr həyata keçirir. Hətta bu federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu ilə tez-tez ünsiyyətdə olur, görüşür, müzakirələr aparır, bilik mübadiləsi həyata keçiririk. Əlbəttə, layihələrlə tanışam və biz də başlamışıq. Son iki ildə ilk dəfə U-15 və U-17 yaş qrupları üzrə qızlar arasında güləş yarışı təşkil olunub. Bu il də analoji yarış həyata keçiriləcək. Hətta Azərbaycan çempionatında da istəyirdik. Sadəcə, say imkan vermədi ki, bunu çempionat səviyyəsində keçirək. Lakin aşağı yaş qruplarından gələn tələbatı görərək, başa düşürük ki, tədricən zaman bunu tələb edəcək. Bir gün gələcək ki, hətta gələn il, biz qızların çempionatını da keçirəcəyik".
Baş katib 2025-ci ilin sonlarında yalnız qızların məşq etmələri üçün zal açdıqlarını xatırladıb: "Mental xüsusiyyətləri nəzərə almaqla, həmin zalda xanım məşqçilər məşq keçirlər. Azyaşlı qızlarımız buyurub gələ və güləşə yazılaraq, məşqlərə qatıla bilərlər".
Qeyd edək ki, Azərbaycan çempionatı sərbəst və yunan-Roma güləşi növbləri üzrə keçirilib.

















































































