Fevralın 27-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqə üçün cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək nüfuzlu yarışa kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, eləcə də qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu yollanacaq.
12 kişi və 7 qadın cüdoçu ilə yanaşı, ACF hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Kişilərin mübarizəsinə Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov, Kənan Nəsibov (hər ikisi +100 kq) qatılacaq.
Qadınların yarışında isə Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Aydan Vəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) qüvvəsini sınayacaq.
Böyük Dəbilqədə 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.