Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirinin ikinci günündə Azərbaycanın 3 sərbəst güləşçisi mübarizə aparıb və onların 1-i fəxri kürsüyə qalxıb.
Sportnet.az xəbər verir ki, Cəbrayıl Hacıyev (79 kq) 1/4 finalda iranlı Mohammad Aşğar Noxodilarimiyə 2:7 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə gürcüstanlı Tariel Qafrindaşvilini “tuş”la, bürünc medal uğrunda görüşdə isə hindistanlı Saqar Caqlana 10:4 hesabı ilə yenib.
Maqomedxan Maqomedov (97 kq) türkiyəli Rıfat Eren Qıdak (6:4) və amerikalı Conatan Leonard Aiellonu (13:2) mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı Muxamed-Taxir Xaniyevlə (0:10) bacarmayıb. Bu görüşdə zədələnən Maqomedov bürünc medal uğrunda görüşə çıxmayıb.
Giorgi Meşvildişvili (125 kq) türkmənistanlı Ziyamuhammet Saparova tam üstünlüklə (12:2) qalib gəlsə də, 1/4 finalda amerikalı Vayt Eviri Hendriksona 4:15 hesabı ilə uduzub.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan sərbəst güləşçilərindən Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Arseni Cioyev (86 kq) bürünc medala yiyələnib.









































































