Azərbaycanın yeniyetmə cüdoçuları növbəti yarışlarda daha çox medallar qazanacaqlar.
Bu barədə Sportnet.az-a yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Emin İskəndərov deyib.
Mütəxəssis Gəncədə keçirilən Avropa Kuboku ilə bağlı fikirlərini bölüşüb:
"Cüdoçular bu yarışa yaxşı hazırlaşmışdılar. Almaniyanın Berlin şəhərindəki turnir zamanı da yaxşı təlim-məşq toplanışı olmuşdu. Yarışlar arasında bir həftə vaxt oldu. Avropa Kuboku ölkəmizdə keçirildiyi üçün mütləq güləşməlidirlər. Bir az yorğunluq var. Bu, bizim ilk seçim xarakterli yarışımızdır. Bundan sonra hələ üç belə turnir olacaq. Məncə, Növbəti yarışlarda mükafatların sayı artacaq”.
E. İskəndərov Avropa Kubokunda qızıl mükafat əldə edin Rza Xəlilli (55 kq) haqqında da danışıb:
“Ondan gözləntimiz böyük idi. Təlim-məşq toplanışlarında yaxşı hazırlıq keçib. Finalda qalib gəldiyi İbrahim Talıbov da ondan geri qalmırdı. Rza özünü yaxşı tərəfdən göstərə bildi”.
Baş məşqçi yarışın ikinci günündə də medallar qazanacaqlarını sözlərinə əlavə edib:
“Namizəd cüdoçularımız var. Belə texniki səhvlər olmasa idmançılarımız finala vəsiqə qazanacaqlar. Millinin heyətini bu yarışlardan formalaşdıracağıq. Təhlillər aparacağıq. Burada fərqlənən cüdoçuların bir qismi Berlində, digərləri Tbilisidəki Avropa Kubokunda çıxış edəcəklər”.
Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunan turnurin ilk günündə Azərbaycan cüdoçuları 13 medal əldə ediblər. Avropa Kuboku bu gün başa çatacaq.











































































