2017-ci ildə boks üzrə böyüklər arasında dünya çempionatını qəbul edəcək şəhərin adı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, AIBA İcraiyyə Komitəsinin Qətərdə keçiriən toplantısında beynəlxalq federasiyanın prezidenti Çinq Ko Vu növbəti dünya çempionatının 2 il sonra Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib.
3 federasiya tərəfindən namizədliyin irəli sürüldüyünü bildirən Çinq Ko Vu Hamburqu seçmə səbəblərini açıqlayıb: "Uzun sürən araşdırmadan sonra Hamburqa üstünlük verdik. Hamburq sentyabrda APB-nin finalını yüksək səviyyədə qəbul edərək, bu cür yarışların keçirilməsində təcrübəsi olduğunu göstərdi. Uzun fasilədən sonra boks üzrə dünya çempionatı yenidən Avropada təşkil olunacaq".
Almaniya Boks Federasiyasının prezidenti Yurqen Kyas isə bu qərara sevindiklərini bildirib: "Qətər Boks Federasiyası Dohada böyük işlər gördü. AİBA-nın növbəti yarışı bizə həvalə etməsi böyük etimaddan xəbər verir".
Qeyd edək ki, bununla da Almaniya (Münhen, 1982-ci il və Berlin, 1995-ci il) üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək.
Boks üzrə dünya çempionatına ev sahibliyi edəcək şəhər açıqlanıb