"Bu, olimpiadadan sonra ilk yarışımız idi. Biz də məşqçilərimizin verdikləri tapşırıqları yerinə yetirdik".
Sportnet.az-ın məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş "Böyük Dəbilqə" turnirində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elxan Məmmədov deyib.
100 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı qazanılan nailiyyətdə məşqçilər heyəti ilə yanaşı, Azərbaycan Cüdo Federasiyasının böyük rolunun olduğunu vurğulayıb.
O, qazandığı son uğurlarda yığmanın baş məşqçisi Peter Zayzenbaxerin xüsusi rolunun olduğunu bildirib: "Mən 22 yaşımdan cüdo ilə məşğul olmağa başlamışam. Yəni, nə yeniyetmələr, nə də gənclər arasında çıxış etmişəm. Zayzenbaxerin gəlişi ilə karyeramda daha böyük uğurlar əldə etdim. Azərbaycan tarixində ilk dəfə dünya çempionu oldum. İndi də yüksək nailiyyətlər qazanmaq əzmindəyəm".