İranın Abadan şəhərindəki Dünya Kubokunda 2-ci yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının qarşılanma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirə federasiya rəsmiləri və güləş ictimaiyyətinin qatılıb. Avtobusdan enən yığma üzvlərinin boyunlarına gül çələngləri salınıb, onlarla xatirə fotoları çəkilib. Baş məşqçi əvəzi Akif Əliyev, güləşçilərdən Rəsul Çunayev, Islam Abbasov və Rafiq Hüseynov çıxışlarından danışıb, Rusiya millisi ilə final görüşündə hakimlərin səhvi üzündən uduzduqlarını bildiriblər.
Akif Əliyev: "Məqsəd bu yarışda iştirak etmək, finalda qalib gəlmək idi. İdmançılarımız da çox ciddi yanaşırdılar. Yüksək səviyyədə hazırlıq keçmişdik. Çempion olmağa iddialıydıq. 2014-cü ildə komandamız üçüncü, 2015-ci ildə isə çempion olmuşdu. İstəyirdik ki, iki il əvvəlki nəticəni təkrarlayaq. Finala çıxdıq. Ancaq Rusiya ilə görüşdə hakimlərin haqsızlığı ilə üzləşdik və ikinci olduq".
Rəsul Çunayev: "Hədəfimiz Dünya Kubokunu ikinci dəfə qazanmaq idi. Təəssüflər olsun ki, hakimlərin haqsızlığ ucbatından ikinci yerə layiq görüldük. Çox sevinirəm ki, biz dünyanın liderləri sırasındayıq. Dünya Kuboku yarışlarında bizi izləyən və dəstəkləyən hər kəsə öz komandamız adından təşəkkür edirik. Qarşıda bizi Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunları gözləyir. Komanda olaraq çalışacağıq ki, bu yarışlarda da qazanacağımız qələbələrlə bütün Azərbaycan xalqını sevindirək".
İslam Abbasov: "Dünyanın ən güclülərinin mübarizəsi idi. Əvvəlcə Türkiyə kimi güclü komandanı məğlub etdik. Ardından Ukrayna və Belarusdan güclü olduq. Finalda da, baxmayaraq ki, rəqib Rusiya idi və ən güclü güləşçilərlə çıxış edirdilər, qələbəyə iddialı idik. Mənim görüşüm də daxil, iki görüşdə bizə qarşı aşkar haqsızlıq oldu. Yoxsa indi ikinci yox, çempion idik. Finalda Rio Olimpiadasının qalibi ilə qarşılaşdım, ona məğlub oldum. Halbuki onu məğlub edə bilərdim. Üzərimdə çalışıb növbəti görüşdə onu məğlub edəcəm."
Rafiq Hüseynov: "Dünya Kuboku ən güclülərin yarışıdır. Sevindirici haldır ki, biz Vətənə medalla qayıtmışıq. İkincilik kubokunu gətirmişik. Bizim bu nailiyyəti qazanmağımızda əməyi, zəhməti olan hər kəsə öz təşəkkürümüzü bildiririk".
Tədbir zamanı komanda yoldaşlarından geyim forması ilə seçilən təcrübəli yunan-Roma güləşçisi Rövşən Bayramovun kefsiz olduğu diqqətdən yayınmayıb. Bayramov jurnalistlərin suallarını cavablandırmaq istəməyıb. Daha bir təcrübəli pəhləvan Həsən Əliyev də media önünə çıxmayıb, amma o, sürücü sükanı arxasına keçməsi ilə diqqət çəkib.
Qeyd edək ki, 2015-ci ildə keçirilmiş Dünya Kubokunda Azərbaycan yığması 1-ci yeri tutub.