
Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib. Sportnet.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Eslam Muhamedlə (Misir) gücünü yoxlayacaq.
Olimpiya mükafatçısının rəqibinin adı mundialın startı günü məlum olub. 1/16 finalda Nurlan Kobaşevi (Qırğızıstan) 3:2 hesabı ilə məğlub edən Muhamed mərhələ adladığından, Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan kubalı legioner misirli boksçu ilə sabah döyüşəcək.
75 kq çəki dərəcəsində mübarizə aparacaq Kamran Şahsuvarlı isə 1/8 finalda Maks Van der Pasla (Hollandiya) üz-üzə gələcək. Avropa çempionatının gümüş medalçısının rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Lester Martinesi (Qvatemala) yarışdan kənarlaşdıran hollandiyalı (3:2) ilk mərhələdən azad olan Şahsuvarlı ilə qarşılaşmaq hüququ qazanıb. Bu görüş də avqustun 27-də olacaq.