
Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri bu gün 5 medal qazanıblar.
Sportnet.az xəbər verir ki, 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən pəhləvanların hamısı mükafatçılar sırasına düşüb. Onlardan 2-si qızıl, 1-i gümüş, 2-si bürünc medala yiyələnib.
Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən, Əmiraslanov bu gün təsəlliverici görüşə çıxıb və Fransa təmsilçisinə qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Son görüşdə də bolqarıstanlı rəqibindən daha yaxşı çıxış edən azərbaycanlı pəhləvan ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olub.
Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev startda Belarus, daha sonra Ermənistan idmançısına qalib gəlib. 1/4 finalda Rusiya güləşçisinə də gücünü göstərən Əliyev adını yarımfinala yazdırıb. Bu mərhələdə moldovalı rəqibinə heç bir şans tanımayan millinin lideri ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici qarşılaşmada təcrübəsindən, taktika və texnikasından maksimum yararlanan 28 yaşlı pəhləvan türkiyəli güləşçiyə heç bir şans vermədən titulunu qoruyub. Beləliklə, Əliyev indi həm 3 qat dünya, həm də 3 qat Avropa çempionudur.
Ağahüseyn Mustafayev Avropa çempionatına möhtəşəm başlayıb. Ardıcıl iki dünya çempionunu - Rusiya və Ermənistan pəhləvanını məğlub edən yığma üzvü yarımfinala adlayıb. Finalın bir addımlığında Böyük Britaniya təmsilçisini də asanlıqla üstələyən Mustafayev karyerasında ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Lakin həlledici görüşdə o, türkiyəli güləşçiyə uduzaraq gümüş medalla kifayətlənib.
Millinin kapitanı Cəbrayıl Həsənov qitə birinciliyinə inamlı start verib. Startda gürcüstanlı güləşçi üzərində əzmkar qələbə qazanan ikiqat Avropa çempionu ardınca Almaniya pəhləvanını tam üstünlüklə məyus edib və yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Moldova güləşçisi Həsənova müqavimət göstərə bilməyib. Beləliklə, Həsənov 6-cı dəfə Avropa çempionatının finalına yüksəlib. Həsənov Rusiya güləşçisi yarımfinalda zədələndiyi üçün finalda güləşmədən 3-cü dəfə Avropa çempionu olub.
Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev startda olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə qarşılaşıb və ona uduzub. Lakin titullu rəqib finaladək irəlilədiyi üçün Hacıyev bu gün təsəlliverici görüşə çıxıb və almaniyalı güləşçiyə şans tanımayıb. Hacıyev axşam seansında "bürünc" üçün mübarizə aparıb və istəyinə çatıb.
57 kq
Bürünc medal görüşü - Mahir Əmiraslanov - Georgi Valentinov Vangelov (BUL) - 8:4
Təsəlliverici görüş - Mahir Əmiraslanov - Zuheyir Əl Oraj (FRA) - 10:5
1/4 final - Mahir Əmiraslanov - Süleyman Atlı (Türkiyə) - 3:6
1/8 final - Mahir Əmiraslanov - Aleksandru Kirtoaka (Rumıniya)
65 kq
Final: Hacı Əliyev - Selahəttin Kılıcsallayan (Türkiyə) - 7:0
1/2 final - Hacı Əliyev - Maksim Sakultan (Moldova) - 12:2
1/4 final - Hacı Əliyev - Naçin Kuular (Rusiya) - 5:3
1/8 final - Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan) - 1:0
Təsnifat - Hacı Əliyev - Hüseyn Şaxbanov (Belarus) - 7:2
70 kq
FİNAL - Ağahüseyn Mustafayev - Mustafa Kaya (TUR) - 2:6
1/2 final - Ağahüseyn Mustafayev - Nikolae Koyokaru (Almaniya)
1/4 final Ağahüseyn Mustafayev - Devid Safaryan (Ermənistan) - 12:6
Təsnifat - Ağahüseyn Mustafayev - Məhəmmədrəsul Qazıməhəmmədov (Rusiya) - 5:3
79 kq
FİNAL - Cəbrayıl Həsənov - Ahmed Hacımaqomedov (Rusiya) - rəqib zədələndiyi üçün görüşə çıxmayıb.
1/2 final. Cəbrayıl Həsənov - Andrey Karpaç (Belarus) - 9:4
1/4 final - Cəbrayıl Həsənov - Franko Mario Buettner (Almaniya) - 6:5
Təsnifat - Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan) - 6:5
97 kq
Bürünc medal görüşü - Nurməhəmməd Hacıyev - Məhəmmədhacı Nurov (MKD) - 5:0
Təsəlliverici görüş - Nurməhəmməd Hacıyev - Gennadi Kudinoviç (GER) - 10:0
1/8 final - Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya) - 0:3.