Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandası apreldə keçiriləcək Dünya Kubokunun hazırlığını davam etdirir. Sportnet.az-ın məlumatına görə, məşqlər Olimpiya Güləş Mərkəzində davam etdirilir.
Yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edir. Bu gündən etibarən isə Gürcüstanın sərbəst güləşçiləri azərbaycanlı pəhləvanlarla birgə təlim-məşq toplanışına qoşulub.
16 idmançı ilə hazırlığa qatılan Gürcüstan yığmasının heyətində London olimpiadasının gümüş mükafatçıları Vladimer Xinçeqaşvili (57 kq) və David Modzmanaşvili (125 kq) də var.
Birgə təlim-məşq toplanışı martın 28-dək davam edəcək.
Qeyd edək ki, sərbəst güləşçilər aprelin 11-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışlarında iştirak edəcək. Yarış 2 gün davam edəcək.