Azərbaycanın MMA idmançısı Nəriman Abbasov "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.
Abbasov indiyədək 28 qələbə qazanıb və cəmi 3 dəfə uduzub. "AMC Fight Nights" turnirinin qalibi olan idmançı ardıcıl 13 döyüşdür məğlubedilməzdir. "Marreta" ("Çəkic") ləqəbli Bonfim isə 17 görüşdə qalib gəlib, 3 döyüşdə məğlub olub. 26 yaşlı idmançı da 11 döyüşdür qələbə qazanır.
Abbasovun döyüşü ABŞ-ın Las Veqas şəhərində sentyabrın 6-da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 7 sentyabr saat 07:00) keçiriləcək. Həmin döyüş gecəsində 5 görüş olacaq. Gecənin ikinci döyüşü Abbasovun iştirakı ilə baş tutacaq.
Rodolfo Bellato (8-1-0, Braziliya) – Vitor Petrino Salvo (6-0-0, Braziliya)
Qabriel Bonfim (12-0-0, Braziliya) – Trey Uoters (6-0-0, ABŞ)
Cimmi Louson (4-1-0, ABŞ) – Kevin Şaflarski (11-1-0, Polşa)
İsmael Bonfim (17-3-0, Braziliya) – Nəriman Abbasov (28-3-0, AZƏRBAYCAN)
Tereza Bleda (5-0-0, Çexiya) – Nayara Maya (7-0-1, Braziliya)
Qeyd edək ki, Nəriman Abbasov UFC ilə 5 döyüşlük müqavilə bağlayıb. Abbasov İsmael Bonfimə qalib gələcəyi halda, UFC-nin əsas divizionunda döyüş hüququ əldə edə bilər. Hələlik Azərbaycanın MMA təmsilçilərindən UFC-də döyüşmək üçün tam hüquqa Qırğızıstanda yaşayan Rafael Fiziyev və ABŞ-da məskunlaşmış Nazim Sadıqov yiyələnib.