"Çempion olacağıma inanırdım. Yarışa məhz bu hədəflə gəlmişdim. Sevindirici haldır ki, istəyimə nail oldum".
Bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
73 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı ən çətin görüşünün finala təsadüf etdiyini bildirib: "Çox həyəcanlı idim. Buna baxmayaraq, çempion oldum".
O, qələbəni şəhidlərə həsr etdiyini söyləyib: "Allah onlara rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə, əsgərlərimizə can sağlığı arzu edirəm".
Qələndərzadə növbəti hədəflərini də açıqlayıb: "Böyüklər arasında da dünya çempionu olmaq istəyirəm. Burada qızıl medal qazanacağımı gözləyənlər var idi. Ailəm, məşqçilərim, federasiya rəhbərliyi mənə inanırdı. Hamısına təşəkkürümü bildirirəm".
Cüdoçu bu mükafatın gənclər arasında ilk qızıl medalı olduğunu vurğulayıb: "Bundan əvvəl 2-3-cü yerləri tutmuşdum. Amma qızıl medal olmamışdı. Məşqçilərin motivasiyası sayəsində Avropa çempionu oldum".