"İctimaiyyət üçün açıqlamasaq da, öz hədəfimiz var. Kişilərdə hər çəki dərəcəsində medal gözləyirik. Hər cüdoçumuzun medal potensialı var, amma əyarı deyə bilmərik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək mundialla bağlı danışarkən deyib.
ACF rəsmisi cüdoda istənilən nəticələrin qeydə alına biləcəyini söyləyib: "Vazari ilə öndə olan idmançı kiçik səhv nəticəsində ippona düşə bilər. Hər çəki dərəcəsindəki təmsilçimiz lider idmançılardan hesab olunur. Qızlardan da yaxşı mübarizə gözləyirik. Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyevanın (52 kq) yaxşı hazırlıq keçdiyinə əminəm. Onlar müəyyən sürprizlər edə bilərlər. Ən azı, 1/4 finalda və ya final blokunda çıxışlarını gözləyirik. Neçə medal qazanacağımızı tatami göstərəcək".
Rəsullu 9 ildən sonra Azərbaycan cüdoçularından mundialda qızıl medal gözlədiklərini sözlərinə əlavə edib: "Biz və bütün cüdo ailəsi də bunu gözləyir. İndiyədək böyüklər arasında cəmi bir dünya çempionumuz olub. O da Elxan Məmmədovdur. İdmançıların bu statistikanı dəyişmək üçün mundialda əllərindən gələni edəcəklərinə əminəm". (Report)