
İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "An Post Ras” veloyürüşü Azərbaycanın "Synergy Baku” komandası üçün uğurla başa çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az–a verilən məlumata görə, təmsilçilərimiz 8 mərhələdən ibarət yarışı 2 mərhələ qalibiyyəti və 1 köynəklə başa vurublar.
36 kollektivin iştirak etdiyi yürüşün 134.3 km-lik sonuncu mərhələsində "Synergy Baku”nun üzvü Daniel Klemme finişi liderdən 38 saniyə gec keçməklə – 2 saat, 58 saniyə, 45 saniyəyə 2-ci yeri tutub. Eyni nəticəyə imza atan Kristof Şvayzer isə 16-cı olub. Bu Şvayzerə yekun sıralanmada 5-ci pillədəki yerini qorumağa imkan verib. 7-ci mərhələnin ən yaxşı dağ velosipedçisi olan Markus Eybeger isə 8-ci mərhələdə bu üstünlüyünü qoruya bilib və bununla da 97 xalla "An Post Ras” veloyürüşünün "Dağ Kralı” adına layiq görülüb.
Qeyd edək ki, Markus Eybeger "An Post Ras” veloyürüşünün 6-cı mərhələsində finiş xəttini 1-ci keçməklə mərhələ qalibiyyəti sevincini də yaşayıb. İrlandiya turunun 3-cü mərhələsində isə "Synergy Baku”nun digər üzvü Yan Sokol hamıdan güclü olub. Əldə edilən nailiyyətlər "Synergy Baku”nun yarışı komanda hesabında 5-ci pillədə bitirməsinə şərait yaradıb.
Sevinc XANQIZI
