“Qarabağ”ın bugünkü futbol fəlsəfəsi ilə iyirmi il əvvəlki arasında heç bir fərq yoxdur. Sadəcə, indi daha yırtıcı hücum futbolu oynayırlar. Bu komanda rəqibdən asılı olmayaraq, öz oyun üslubundan əl çəkmir”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ilk xorvatiyalı futbolçusu Blazenko Bekavats Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda Zaqreb “Dinamo”suna qarşı keçirəcəyi cavab oyun barədə danışarkən deyib.
2005-ci ildə “Qarabağ”da çıxış etmiş veteran hücumçu keçmiş komandasının yüksəlişinin onu heç də təəccübləndirmədiyini bildirib: “Qarabağ” geridə qalan müddət ərzində çox inkişaf edib. Mən klubda olanda “Qarabağ”ın heyətində əcnəbi futbolçular xeyli az idi, əksəriyyəti Azərbaycandan olan oyunçular idi. İndi isə vəziyyət tam əksinədir. “Dinamo”nun yeganə üstünlüyü Çempionlar Liqasındakı təcrübəsidir. Düşünürəm ki, çox çətin oyun olacaq. Amma Zaqreb təmsilçisinin ilk matçda qazanılmış 3:0 hesablı üstünlüyü əldən verəcəyinə inanmıram”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” matçı saat 20:45-də başlayacaq.