
Almaniya II Bundesliqa təmsilçisi “Nürnberq”in futbolçusu Mahir Emreli klubun saytına açıqlama verib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin üzvü futbola yaranan marağının mənbəyini 2002-ci ilin dünya çempionatına baxdıqda anası Elnurə Emrelinin verdiyi reaksiya ilə əlaqələndirib:
“Onun reaksiyasından oyuna necə də həyəcanlı baxdığını gördüm. Bu, bir uşaq kimi mənim içimdə nəyisə yandırdı. Beləcə, futbola başladım”.
Forvard “Qarabağ”ın heyətində çıxdığı ilk Çempionlar Liqası təcrübəsindən də danışıb: “Əlbəttə, Londondakı “Stemfrod Bric” stadionunda “Çelsi”yə qarşı matçı xatırlayıram. Heç bir şansımız yox idi, amma bizim üçün yenə də tarixi görüş idi. Ab-havasına görə yaddaşımda qalan üç arenanın adını çəkməli olsam, Dortmund “Borussiya”sı, PAOK və “Roma”nın stadionlarını deyərdim”.
O, legioner həyatına başlaması barədə fikirlərini bildirib: “Yoluma başlayanda bunu tək özümə yox, həm də ölkəmə görə etmişdim. Azərbaycandan Almaniya, Xorvatiya və ya Polşaya qədər gəlib çıxan elə də çox futbolçu yoxdur. Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm ki, onlar da belə addım atmaqda cəsarətli olsunlar. Mən ünsiyyətcil və digər mədəniyyətləri öyrənməyi xoşlayan biriyəm”.
Emreli digər millətlərə tolerantlığının Azərbaycanda gördüyü mədəniyyətdən irəli gəldiyini deyib: “Biz çox tolerantıq və müsəlman ölkəsiyik, amma digər dinləri və mədəniyyətləri birləşdirməyə çalışırıq. Bizdə məscidlər, yəhudi sinaqoqları və xristian kilsələri var. Məsələn, ruslar ukraynalılarla bir yerdə qalırlar. Biz fərqli mədəniyyətlərlə böyüyüb, onlarla harmoniyada yaşamağı öyrənirik. Bu, mənim üçün digər ölkələrdə yaşamağın çətin olmamasının səbəblərindəndir. Hazırda dünyada çoxlu nifrət var. Mən insanlara göstərmək istəyirəm ki, başqa çıxış yolu da var”.
O, Almaniyadakı həyatından da danışıb: “Burada milli bayramlar görsəm, çəkib onları da paylaşacağam. Azərbaycandan olan azarkeşlərim üçün buranın mədəniyyəti maraqlıdır. Klubuna sadiq olmağın mənasını Almaniyada daha yaxşı öyrəndim. Əgər meydanda bütün gücünü qoyursansa, bəzi texniki səhvlər bağışlanılır”.